Niyazi Bayramov Türkiyə Maarif Vəqfinin nümayəndə heyəti ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Maarif Vəqfinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin üzvü, professor Mehmet Özkan, Vəqfin şöbə müdiri Salih Sağır, Azərbaycandakı nümayəndəsi Serdar Gündoğan, təhsil məsləhətçisi Azim Haydarov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Recep Öztop Türkiyə Maarif Vəqfinin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, 2016-cı ildə yaradılan Türkiyə Maarif Vəqfi təhsil sahəsində uğurlu layihələrə imza atıb. Vəqf hazırda 55 ölkədə fəaliyyət göstərir və ümumilikdə 485 məktəbdə 70 mindən çox şagirdə təhsil imkanı yaradır. Azərbaycanda isə Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir tədris metodologiyalarını tətbiq edərək, yerli və xarici tələbələrə yüksək keyfiyyətli təhsil təqdim edir.
Tədbir çərçivəsində bildirilib ki, Vəqfin Bakıda fəaliyyət göstərən məktəbləri strateji əhəmiyyət daşıyır və bu məktəblərin daha da genişləndirilməsi üçün işlər aparılır. Gəncə şəhərində də belə bir təhsil müəssisəsinin tikintisi və fəaliyyətə başlaması ilə bağlı müvafiq addımların atılması planlaşdırıldığı qeyd edilib.
Görüş zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb, tərəflər arasında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.