Niyazi Bayramov "Urban Expo" sərgisində Azərbaycan pavilyonu ilə tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində Azərbaycan pavilyonu ilə tanış olub.
Niyazi Bayramova məlumat verilib ki, “Urban Expo” sərgisində qurulan və 1500 kvadratmetr sahəni əhatə edən Azərbaycan pavilyonu sərginin ən böyük milli pavilyonlarından biridir. Pavilyonda Azərbaycanın müasir şəhərsalma, dayanıqlı inkişaf və innovativ yanaşmaları nümayiş etdirilir.
Azərbaycan pavilyonunda Gəncə şəhəri ilə bağlı da stend yer alır. Stenddə qədim Nizami yurdu ilə bağlı tarixi məlumatlar yerləşdirilib, Gəncənin zəngin tarixi və mədəniyyətini özündə əks etdirən foto və video materiallar nümayiş olunur.
Niyazi Bayramov daha sonra "Urban Expo" sərgisini gəzərək digər pavilyonlarla tanış olub.
Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan “Urban Expo” sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli inkişaf yanaşmalarını təqdim edirlər.






