Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orucov İlqar Rəhman oğlunun valideynlərini ziyarət edib

15 iyul 2023 | 14:03

Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə şücaətlə vuruşaraq, qəhrəmanlıq göstərən igidlərimiz və onların ailələri də daim diqqətdə saxlanılırlar.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində də bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq həssas kateqoriyadan olan şəxsləri ziyarət edir, onların qayğıları ilə maraqlanır.

Bu gün Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Aparatın məsul əməkdaşları ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orucov İlqar Rəhman oğlunun valideynlərini ziyarət edib. O bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bizə bu qüruru Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu yaşatdı. Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir.

Hazırda xidmətdə olan İlqar Orucovun atası Rəhman Orucov övladının Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan söz açıb. O bildirib ki, oğlu daim Vətəninə bağlı olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüb və sevindirici haldır ki, onun bu şücaəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

Niyazi Bayramov İlqar Orucovun valideynlərini narahat edən məsələlərin qanunamüvafiq həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

Rəhman Orucov göstərilən diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər