Niyazi Bayramov Xalq artisti Mənsum İbrahimovla görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovla görüşüb. Görüşdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist, "Tərəqqi" medallı Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, muğam sənəti Azərbaycanın milli sərvəti olmaqla yanaşı, dünya musiqi xəzinəsinin də incisidir. Azərbaycan milli musiqisinin əsas qaynaqlarından olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. O bildirib ki, muğamın təbliği və sevilməsi istiqamətində Xalq artisti Mənsum İbrahimov və həmkarlarının xidmətləri olduqca dəyərlidir.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri Ramil Qasımov tərəfindən Gəncədə ilk dəfə keçiriləcək “Muğam gecələri” layihəsi barədə məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində solo konsert proqramı ilə çıxış edəcək.
Xalq artisti Mənsum İbrahimov milli sərvətimiz olan muğamın qorunmasına və inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirdiyini bildirib, görüşə və səmimi söhbətə görə şəhər rəhbərinə təşəkkür edib.