Niyazi Bayramov yanğın nəticəsində evinə ziyan dəyən müharibə iştirakçısını və aztəminatlı ailəni ziyarət edib
Bir müddət əvvəl Gəncə şəhəri, Şərəfxanlı küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə zamanı Hüseynov Xəyyam Tofiq oğlunun yaşadığı ev yanaraq yarasız hala düşüb. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov zərərçəkən ailəni ziyarət edib, onların evinə baxış keçirib.
Baxış zamanı məlumat verilib ki, hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Lakin yanğın zamanı evdə olan yataq xəstəsi Hüseynov Tofiq Müseyib oğlunun həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, ümumi sahəsi 400 m² olan birmərtəbəli, altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyünün 100 m² hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Niyazi Bayramov ev sakinləri ilə söhbət edib, müraciətlərini dinləyib. Şəhər rəhbəri qeyd edib ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən isə onlara müvafiq yardım göstəriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Hüseynov Xəyyam Tofiq oğlu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aztəminatlı ailənin müraciəti əsasında, ailənin yaşadığı ünvana baş çəkib. Onaları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.