Niyazi Bayramovun sakinlərlə səyyar görüşləri davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır.
Növbəti görüş Zülfüqar Məmmədov küçəsinin sakinləri ilə baş tutub. Görüşdə Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramovla yanaşı millət vəkili Müşfiq Cəfərov, Yap Gəncə şəhər təşkilatının sədri, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən küçə yollarına asfalt örtüyünün salınması, müəyyən yerlərdə işıqforların quraşdırılması, fərdi evin sənədlərinin rəsmiləşdirilməsi, maddi yardımın göstərilməsi və digər məsələlərdən ibarət olub.
Görüşdə bildirilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Gəncə küçələrinin və qəsəbədaxili yolların asfaltlanması, şəhərin su və çirkab su sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir.
Bununla yanaşı, görüşdə səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.