Niyazi Bayramovun tapşırığı ilə Comərd Qəssab türbəsinin ətrafında abadlıq işləri görülüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digər idarə, müəssisə rəhbərləri ilə birlikdə Comərd Qəssab türbəsinin ətrafında görülən işlərlə yerində tanış olub.
Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Məmmədov burada görülən işlər barədə məlumat verib. O bildirib ki, cari il ərzində mövsüm boyu yağan yağışlar səbəbi ilə qədim tarixə malik olan Comərd Qəssab türbəsinin ətrafına su toplanaraq, gölməçə əmələ gətirmişdi. İntensiv yağan və günlərlə çəkilməyən yağış suları abidənin içərisinə daxil olaraq qalın palçıq təbəqəsi yaratmışdı. Bu hal haqlı olaraq şəhər ictimaiyyəti nümayəndələrini də narahat edirdi.
Niyazi Bayramovun tapşırığı ilə abidənin ətrafında təmizlik və abadlıq işləri görülüb. Belə ki, abidənin ətrafına toplanaraq, gölməçə əmələ gətirən sular çəkilib, daxildə olan palçıq qatı təmizlənib. Türbənin ətrafında 100 paqonomret ölçüdə məhəccərlər düzəldilib. Burada yaşıllıq zolağı yaradılıb, 350 kv.metr ərazidə ot örtüyü salınıb, 30 ədəd vələs, 10 ədəd limon-tuya ağacı, qızıl gül kolları və müxtəlif növ mövsümü çiçəklər əkilib. Buraya gələn sakinlərin rahatlığını təmin etmək üçün oturacaqlar quraşdırılıb. Yaşıllıq zolağının suvarılması üçün əraziyə 800 metr məsafədən daimi su xətti də çəkilib.
Qeyd edək ki, “Comərd Qəssab” türbəsi VIII-IX əsrlərə (bəzi mənbələrdə VII əsrin 30-40-cı illərinə) aid edilir. Comərd Qəssab türbəsi Gəncəçay çayının sağ sahilində, “İmamzadə” dini ziyarətkah kompleksinin cənub istiqamətindən 1500 metr aralıda yerləşir. Vaxtı ilə uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalan türbədə 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən tikinti işləri həyata keçirilib. Comərd qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq qırmızı bişmiş kərpicdən 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib. Bu gün “Comərd Qəssab” türbəsi yerli əhali tərəfindən müqəddəs məkan kimi ziyarət olunur.