Ölkədə ilk dəfə “Aqrar Startaplar Forumu” keçirilib
15 dekabr 2022 | 07:28
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Aqrar Startaplar Forumu” keçirilib.
Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, ictimaiyyət nümayəndələri, müəllim və tələbə kollektivi iştirak ediblər.
Forumun açılışında çıxış edən Zəfər Qurbanov son illər ərzində işğaldan azad olunan ərazilərdə aqrar sahədə həyata keçirilən layihələrdən danışıb. O deyib ki, innovativ lahiyə və startapların xüsusilə gənclər arasında təbliği vacibdir. Forumda keçirilən innovasiya sərgisindən danışan Z. Qurbanov bildirib ki, “Aqrar Startaplar Forumu”da 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Şəhər rəhbəri belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq forumun işinə uğurlar arzu edib.
Daha sonra çıxış edən qonaqlar da “Aqrar Startaplar Forumu”nun keçirilməsini yüksək qiymətləndiriblər.
Tədbirdə aqrar innovasiyalarla bağlı videoçarx nümayiş olunub.
Sonda Forum panel müzakirələrlə davam edib, “Regional İnkişaf” İctimai Birliyi, “İ2B:İdeyadan biznesə” layihəsinin rəhbəri Rəşad Əzizovun moderatorluğu ilə 3 ayrı mövzuda 12 nəfər mütəxəssisin çıxışı dinlənilib.
Qeyd edək ki, Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.