"Parlayan Ziya” layihəsi çərçivəsində Gəncə üzrə əlaqələndirici şura yaradılıb
10 aprel 2026 | 09:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” mövzusunda ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərenerji ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimov, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və ziyalılar iştirak ediblər.
Niyazi Bayramov çıxışında layihənin gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət etdiyini bildirib, bu istiqamətdə ziyalıların rolunun vacibliyini vurğulayıb.
Bahar Muradova isə qeyd edib ki, layihənin Gəncədə başlanması şəhərin zəngin tarixi və ziyalı mühiti ilə bağlıdır. O, layihənin əsas məqsədinin ziyalılarla cəmiyyət arasında birbaşa ünsiyyət yaratmaq, gənclərin maarifləndirilməsinə və milli dəyərlərin təbliğinə töhfə vermək olduğunu bildirib.
Görüşün sonunda bölgə üzrə yerli əlaqələndirici şuranın yaradılması barədə qərar qəbul olunub.
Qeyd edilib ki, layihə çərçivəsində mütəmadi görüşlər keçiriləcək, gənclərin ictimai-siyasi proseslərdə fəallığı və sağlam düşüncə tərzində formalaşması istiqamətində maarifləndirici tədbirlər davam etdiriləcək.






