Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Gəncədə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib
Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib. Konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev, şəhid və qazi ailələri, hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondunun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də Gəncə şəhərinin sakinləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib. O, “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.
Konsertin baş sponsoru olan “Veysəloğlu” Şirkətlər Qrupunun baş icraçı direktoru Burak Dəniz bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd etməklə yanaşı, işğaldan azad edilən ərazilərin bərpası istiqamətdə həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.
Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib. Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun “Təşəkkür Sertifikatı” təqdim olunub.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub. “Avrora Qrup”un baş sponsorluğu ilə baş tutan konsertdən toplanan vəsait hesabına Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti - royal alınacaq.
Həmrəy olaq, Qarabağı daha gözəl bərpa edək!