“REGİONAL EXPO GƏNCƏ 2026” sərgisinin rəsmi açılış mərasimi keçirilib
20 noyabr 2026-cı il tarixində Gəncə İdman Sarayında Qərb regionunda ilk “REGİONAL EXPO GƏNCƏ 2026” – Sahibkarların Təqdimat Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, “TECHERA” şirkətinin təsisçisi Tariyel Dövlətov, direktoru Ramil İsmayılov, “OVERMETAL” şirkətinin direktoru Kənan Bəşirov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, özəl sektor nümayəndələri, sahibkarlar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən rəsmilər sərginin əhəmiyyətindən, sahibkarlığın inkişafı, regionlararası iqtisadi əməkdaşlığın gücləndirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından yaratdığı imkanlardan bəhs ediblər.
Açılış mərasimindən sonra rəsmi qonaqlar sərgi zonası ilə tanış olub, iştirakçı müəssisələrin məhsul və xidmətlərinə baxış keçirib, sahibkarlarla görüşüblər.
Tədbir çərçivəsində sərginin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə bir qrup nümayəndəyə “Təşəkkürnamə” təqdim olunub.
Qeyd edək ki, “REGİONAL EXPO GƏNCƏ 2026” çərçivəsində 112 müəssisə öz məhsul və xidmətlərini təqdim edir. Sərgi sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması, investisiya imkanlarının müzakirəsi və biznes əlaqələrinin inkişafı üçün geniş platforma yaradır. Tədbir çərçivəsində biznesdən biznesə (B2B), biznes və dövlət qurumları arasında (B2G), eləcə də biznes və universitetlər arasında (B2U) görüşlər təşkil olunur. Bununla yanaşı, müqavilə və əməkdaşlıq imkanlarının müzakirəsi üçün xüsusi “Contract Zone” zonası yaradılıb. Sərginin əsas məqsədi region sahibkarlarının potensialını nümayiş etdirmək, yerli istehsalçı və xidmət təminatçılarını bir araya gətirmək, yeni tərəfdaşlıqların və kommersiya əlaqələrinin formalaşmasına dəstək verməkdir.
Tədbirin təşkilatçıları Gəncə Şəhər İcra Hakimiyyəti, TECHERA və GBARU-dur. Sərginin baş sponsoru “OVERMETAL”, qızıl sponsoru “Buta” Estetik Mərkəzi, promo tərəfdaşı isə” MK Group Reklam” şirkətləridir.
Qərb regionunun iqtisadi və biznes potensialını bir araya gətirən “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi noyabrın 21-də də davam edəcək.






