“Rəqəmsal İcra Hakimiyyəti” portalı
“Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulub, bu məqsədlə portalda xüsusi bölmə yaradılıb. “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir. Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən Yerli İnkişaf üçün Yaxşı İdarəetmə proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq İcra Hakimiyyətləri ilə birgə həyata keçirilir.