Saleh Məmmədov Gəncədə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Saleh Məmmədov Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.