Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci PHŞ-də “Gənclər Evi”nin açılışı olub
Gəncə Şəhər İcra Hakimiyyətinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecinin ərazisində yeni inşa olunan “Gənclər Evi”nin açılış mərasimi baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Sərkan Kayalar, TİKA-nın Orta Asiya və Qafqaz ölkələri üzrə dairə rəhbəri Dr. Əli Özgün Öztürk, TİKA-nın Bakı Ofisinin rəhbəri Xeyrəddin Özçelik, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və kollecin müəllim, tələbə heyəti iştirak ediblər.
Əvvəlcə rəsmilər “Gənclər Evi”nin önündə rəmzi açılışını bildirlən qırmızı lenti kəsiblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov çıxış edərək Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Gəncə şəhərində həyata keçirilən layihələrdən bəhs edib. Şəhər rəhbəri Gəncə Tibb Kollecində inşa olunan “Gənclər Evi”nin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Serkan Kayalar qonaqları salamlayaraq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin ümumi fəaliyyəti haqqında qısa məlumat verib və tələbələrə “Gənclər Evi”ndə yaradılan şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Mehman Rzayev çıxışında “Gənclər Evi” barədə qonaqlara məlumat verib. Bildirib ki, bünövrəsi 2023-cü ilin noyabrında qoyulan məkan 500 kvadrat metr ərazini əhatə edir. Müasir havalandırma və isitmə sistemi ilə təchiz edilən binada kompyuterlərin və fibroptik kabelin köməkliyi ilə tələbələrin yüksək sürətli internetə çıxışı təmin olunub. Onu da qeyd edib ki, “Gənclər Evi”ndə, kollecin müxtəlif dərnəklərinin keyfiyyətli və davamlı fəaliyyəti üçün böyük səhnə quraşdırılıb. Sözügedən binada bütün kompüterləri Gəncə Tibb Kollecinin mərkəzləşdirilmiş elektron kitabxana bazasına qoşulub və həmin bazada elektronlaşdırılmış 81 tibbi tədris vəsaiti yerləşdirilib. “Gənclər Evi”ndə həmçinin, tələbələrin normal qidalanmaları üçün bütün lazım olan şərait yaradılıb. Belə ki, bina bütün texniki avadanlıqlarla təchiz edilmiş sanitar gigiyenik qaydalara cavab verən mətbəxə malikdir. Gənclər evində böyük monitor, səs gücləndirici, müasir isitmə və soyutma sistemləri də istifadəyə verilib.
Çıxışlardan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrinin təqdimatında şeir və musiqi nömrələri səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.