Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Tarixin dönüş nöqtəsi: Milli Qurtuluş Günü

14 iyun 2025 | 11:21

Niyazi Bayramov

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Hər bir xalqın tarixində mühüm, taleyüklü anlar olur. Azərbaycan xalqının müasir tarixindəki mühüm mərhələlərdən biri də 1993-cü ilin 15 iyun tarixidir. Bu tarixi gün xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlanğıcı, eyni zamanda dövlətçiliyin, sabitliyin və milli birliyin bərpası günüdür.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca çətin və təhlükəli dövr idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz siyasi səriştəsizlik, daxili qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi böhranla üz-üzə idi. Xalq çaşqın, dövlət rəhbərliyi isə aciz idi. Belə bir zamanda Azərbaycanı parçalanmaqdan yalnız böyük siyasi iradəyə, xalqın inandığı güclü liderlik bacarıqlarına malik bir şəxsiyyət xilas edə bilərdi. Azərbaycan xalqı isə öz xilaskarını tanıyırdı – bu, Heydər Əliyev idi.

Ölkədə xaosun hökm sürdüyü bir zamanda xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəlir və cəmi bir neçə gün sonra – 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir. 1993-cü il iyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkədə sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin və sonrakı illər ərzində Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. O, ölkəmizi siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən xilas etdi, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirdi. O deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri, məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Məhz bu səbəbdəndir ki, 15 İyun – Milli Qurtuluş Günü kimi qeyd olunur.

Ulu Öndərin xilaskarlıq missiyası yalnız həmin dövrdə Azərbaycanı fəlakətdən xilas etməklə yekunlaşmadı. O, həm də ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirdi. Bu gün fəxrlə deyə bilərik ki, müstəqil, qüdrətli və qalib Azərbaycanın təməli məhz o illərdə qoyulub.

Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider deyirdi: “Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Artıq müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır.

Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edən, modernləşən, beynəlxalq aləmdə nüfuzu artan bir dövlətə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasi xəttini qoruyub saxlayır və ölkəmizi daha da gücləndirir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Heydər Əliyev irsinin layiqli davamı olaraq, Azərbaycanı daha parlaq gələcəyə aparır.

 

 

 

Keçidlər