Türkiyə Maarif Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib
Türkiyə Maarif Vəqfinin nümayəndə heyəti Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Memarlıq-tikinti məsələləri sektorunun müdiri Elvin Həsənzadə ilə görüş keçirib.
Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Tabip Gülbay, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunun müdiri Mevlüt Altıntop və Türkiyə Maarif Vəqfi Azərbaycan Təmsilçiliyinin təhsil işləri üzrə müşaviri Əzim Heydərov iştirak ediblər.
Recep Öztop Türkiyə Maarif Vəqfinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 2016-cı ildə yaradılan Vəqf təhsil sahəsində bir çox uğurlu layihələrə imza atıb. Hazırda 55 ölkədə fəaliyyət göstərən qurum 485 məktəbdə 70 mindən çox şagirdə təhsil imkanı yaradır. Azərbaycanda isə Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir tədris metodlarını tətbiq edərək yerli və xarici şagirdlərə keyfiyyətli təhsil təqdim edir.
Görüşdə Gəncə şəhərində təhsil müəssisəsinin tikintisi və fəaliyyətə başlaması ilə bağlı mümkün addımlar müzakirə olunub, mövcud qanunvericilik tələbləri izah edilib və tərəflər arasında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.






