Türkiyədə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə dair Memorandum imzalanıb
Dekabrın 1-də Ankarada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə dair Memorandumun imzalanması mərasimi keçirilib.
Sənədi Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində ölkəmizin Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Nizami Gəncəvi Mərkəzinin (Gəncə) direktoru Əlimuxtar Muxtarov imzalayıblar.
S. Abbasov qeyd edib ki, Memoranduma uyğun olaraq, Türkiyədə Nizami Gəncəvi irsinin tədqiqi və geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı layihələr həyata keçirməyi planlaşdırılır.
Xüsusilə, Türkiyə universitetləri ilə birgə böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş konfranslar, müsabiqələr, ədəbi gecələr təşkil olunacaq.
Mədəniyyət Mərkəzinin rəhbərinin sözlərinə görə, həmçinin Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazı və türk mədəniyyətində Mövlanə Cəlaləddin Ruminin yaradıcılığına dair birgə monoqrafiyaların hazırlanması səylərinə dəstək verilməsi də nəzərdə tutulub.
Bundan əlavə, Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının təsvirlərindən ibarət miniatür sərgilərinin təşkili də planlaşdırılır.
Türkiyə jurnallarında Nizami irsi mövzusunda məqalələrin, eləcə də Azərbaycan nəşrlərində türk alimlərinin məqalələrinin dərc edilməsinə xüsusi diqqət yetiriləcək.
S.Abbasov Gəncədə nəşr olunan “Nizamişünaslıq” jurnalında türk alimlərinin məqalələrini dərc etmək planlarını bölüşüb. “Hər il mart və ya sentyabr aylarında Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi (Ankara) və Nizami Gəncəvi Mərkəzinin (Gəncə) təşəbbüsü ilə böyük şair və mütəfəkkirin irsi mövzusunda beynəlxalq konfrans və simpoziumlar keçiriləcək”, – deyə S.Abbasov əlavə edib.
O, Nizami irsi mövzusunda internetdə yerləşdiriləcək qısametrajlı videoçarxların hazırlanması planlarından da danışıb.
Nizami Gəncəvi Mərkəzinin (Gəncə) direktoru Əlimuxtar Muxtarov AZƏRTAC-a bildirib ki, dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyə, Hindistan, Özbəkistan və Pakistandan olan nizamişünaslar “Nizamişünaslıq” jurnalı üzərində iş prosesində iştirak edirlər.
Ə.Muxtarov jurnalın nüsxələrindən birini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edərək, ölkəmizin Milli Elmlər Akademiyasının əməkdaşlarının dahi Azərbaycan mütəfəkkirinin irsinin xaricdə təbliğinə maksimum töhfə verməyə hazır olduğunu vurğulayıb.