Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Türkiyənin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin nümayəndələri Gəncəyə səfər ediblər

22 may 2026 | 17:00

Türkiyə Respublikasının Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğdunun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Aparatın məsul əməkdaşları, Gənclər və İdman Nazirliyinin, eləcə də Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.

Səməd Tomuyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, qədim tarixə malik Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, şəhərdə üç universitet, üç kollec, eləcə də bir sıra iri mədəniyyət ocaqları fəaliyyət göstərir. Müxtəlif illərdə Gəncə Avropanın Gənclər Paytaxtı, MDB ölkələrinin Mədəniyyət Paytaxtı və Avropanın İdman Şəhəri seçilib.

Görüş zamanı Prezident İlham Əliyevin Gəncədə bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub. Qeyd edilib ki, şəhərdə 1 Olimpiya İdman Kompleksi, İdman Sarayı, 3 idman məktəbi, 1 İdman Liseyi və yeni inşa olunmuş Gəncə Şəhər Stadionu fəaliyyət göstərir. Stadion və İdman Sarayı müxtəlif səviyyəli yarışların keçirildiyi əsas idman məkanlarındandır.

Son illər ərzində şəhərdə bir çox idman tədbirinin keçirildiyi diqqətə çatdırılıb. Bu tədbirlərin həm yerli, həm də beynəlxalq səviyyədə Gəncənin idman mərkəzi kimi tanınmasına mühüm töhfə verdiyi vurğulanıb. Xüsusilə qeyd olunub ki, Gəncə 2025-ci ildə MDB-nin İdman Paytaxtı seçilib və bu status şəhərin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradıb.

Ercan Gündoğdu səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, səfər proqramı çərçivəsində Gəncənin bir sıra idman obyektlərinə baş çəkəcəklərini qeyd edib.

Görüşdə gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq təşəbbüslərin dəstəklənməsi, təcrübə mübadiləsi və birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər