Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolu və yeri
Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Siyasi lider sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Müstəqillik illərində Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli lider Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrın-da keçirilmiş I Qurultayında isə ümummilli lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir ". Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti əsaslı surətdə dəyişmişdir. Heydər Əliyev siyasətinin əsasını sülh, beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Heydər Əliyevin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcəkdir. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu. Azərbaycan Respublikası Konstitusiyanın təhlili göstərir ki, konstitusiya hüquqi demokratik dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə, cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Konstitusiyanın maddələrinin üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Hüquqi dövlət quruculuğu şəraitində dövlət və vətəndaş paritet əsaslarla çıxış edir, vətəndaş dövlət qarşısında, dövlət də vətəndaş qarşısında məsuliyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hüquqi dövlətdə xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Ötən əsrin sonlarında sosializm sisteminin uğursuz sonluğu və sovetlər birliyinin süqutu nəticəsində yeni dünya düzəninin formalaşması yenicə müstəqillik əldə etmiş ölkələri siyasi oriyentasiya problemi ilə üzüzə qoymuşdu. Həmin dövrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, xarici siyasətdə də qarışıqlıq mövcud idi. Dövlətin xarici siyasət konsepsiyasında ardıcıllığın, prinsipiallığın olmaması ölkə daxilindəki problemlərin daha geniş vüsət almasını şərtləndirir, respublikanın düşdüyü gərgin situasiyadan çıxmasına əngəl törədirdi. Lakin dünya şöhrətli siyasətçi, siyasi gerçəklikləri dərindən analiz etmək və nəticə çıxarmaq qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə tarixi dönüşü xarici siyasətdə də yeni pəncərə açdı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti dəyişdirmək, bölgədə və ümumilikdə, dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Dövlət başçısının xarici ölkələrə ardıcıl səfərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində qısa zaman ərzində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edilmişdir. Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Bu qənaətə gəlmək mümkündür ki, o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş, xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur.
Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. Ulu öndər Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elminəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus entuiziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümimi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Ölkəmizə son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti respublikanın malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir.
Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimaisiyasi xadim və bunlardan da əvvəl – Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala, qarış-qarış gəzərək, rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir.
2003-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı. Lakin kədərimiz nə qədər ağır olsa da, xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi. “Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” – söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Həqiqət budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Bütün bunların təməlində isə, uzaqgörən və müdrik siyasətin banisi olan Ulu Öndərimizin siyasi kursunun layiqli davamı və etibarlı xələfi funksiyasının yüksək səviyyədə icrasıdır. Nə qədər ki, Ulu öndər Heydər Əliyev ideyaları var və yaşadılır Azərbaycanımız daim yüksələcək və dünyaya öz şöhrəti ilə nur salacaqdır!
Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri