XI Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvinin türk dilində nəşr edilmiş əsərlərinin təqdimatı olub
Bakı Ekspo Mərkəzində keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”dən “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin Türkiyə türkcəsinə tərcümə və nəşri təqdim olunub. Layihə ölkəmizin Türkiyədəki səfirliyi yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
“Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi və nəşri ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır. Mərkəzin direktoru Samir Abbasov Nizami irsinin dünya ədəbiyyatına təsirindən və Azərbaycan dövlətinin bu irsin tanıdılmasına verdiyi diqqətdən danışıb.
Tədbirə moderatorluq edən AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, onun şeirlərini səsləndirib.
Akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və tərcüməçi, professor Nimet Yıldırım çıxış edərək Nizami yaradıcılığının ədəbiyyata verdiyi töhfələri və Türkiyədə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə bildirilib ki, Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur, müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına çatdırılır.






