Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

YAP Gəncə şəhər təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib

24 iyul 2026 | 11:34

Tədbir Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Gəncə İdman Sarayında baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatları Musa Quliyev, Müşfiq Cəfərov və Kamran Bayramov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gəncə–Daşkəsən və Qazax–Tovuz iqtisadi rayonları üzrə məsul əməkdaşı Araz Salmanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, universitet rektorları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya veteranları və fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və YAP Gəncə şəhər təşkilatının son bir ildəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, Ulu Öndərin siyasi irsi olan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı 33 illik fəaliyyəti ərzində üzərinə düşən məsuliyyətli missiyanı layiqincə yerinə yetirib, Heydər Əliyev ideyalarına sədaqətini və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini daim nümayiş etdirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq onun təbriklərini çatdırıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqa və dövlətə xidməti öz fəaliyyətinin əsas prinsipi kimi qəbul edib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyub. Adil Tağıyev bildirib ki, YAP Gəncə şəhər təşkilatı da ötən 33 il ərzində şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlətin həyata keçirdiyi siyasi kursun yerli səviyyədə dəstəklənməsi və təbliği istiqamətində mühüm fəaliyyət göstərib.

Çıxış edən digər natiqlər də YAP Gəncə şəhər təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə partiya üzvlərini təbrik edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlara imza atır. Qeyd olunub ki, xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qüdrətlənməsinə və dövlətçiliyimizin inkişafına xidmət edəcək.

Tədbirdə partiya veteranlarına hədiyyələr təqdim olunub, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərman, diplom və hədiyyələrlə təltif edilib. Həmçinin partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Rəsmi hissədən sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Keçidlər