Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının partiya fəalları ilə görüşləri davam edir
Yeni Gəncə yaşayış massivi ərazisində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçının birinci müavini Səməd Tomuyev, millət vəkili Pərvin Kərimzadə, partiya fəalları və sakinlər iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırıb. Ölkəmizin hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu önə çəkən Bayram Aslanov Azərbaycanın regionda güc mərkəzinə çevrildiyini qeyd edib. YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb.
Səməd Tomuyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, bu gün Azad Qarabağda geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. 30 ildir köçkün həyatı yaşayan soydaşlarımız yüksək səviyyədə qurulmuş öz doğma obalarına qayıdır. O qeyd edib ki, əldə olunan bütün uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin bəhrəsidir.
Pərvin Kərimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulayıb.
Sakinlər öz növbələrində göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.