Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Gəncəçay” çayının məcrası və ətrafında iməcilik keçirilib

10 iyul 2023 | 14:37

Məlum olduğu kimi, bir müddət əvvəl davam edən güclü yağışlar nəticəsində “Gəncəçay” çayında müşahidə olunan güclü su axını burada təmizlik işlərinin aparılmasını çətinləşdirmişdi. Bugünlərdə suyun səviyyəsinin xeyli aşağı düşməsi “Gəncəçay” çayının məcrası və ətrafında iməciliyin keçirilməsinə imkan verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən təşkil olunan iməcilik aksiyasına Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Ərazi Xidmət Sahələrinin əməkdaşları və texnikaları cəlb olunub. İşlər əsasən körpülərin altında və ətraf ərazilərində aparılıb. Sel sularının gətirdiyi məişət tullantılarının, ağac qırıntılarının, kol-kos və alaq otlarının yığılaraq ərazidən daşınması təmin edilib, ərazidə yerləşdirilmiş zibil qutularının ətrafında səliqə-səhman yaradılıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncəçay” çayının ətrafında yaşayan sakinlərdən, burada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin sahiblərindən bir daha xahiş edir ki, məişət tullantılarını çayın məcrasına deyil, təyin olunmuş konteynerlərə və ya zibil qutularına atsınlar. Əks halda, bu kimi vətəndaşlar aşkar edilərək, inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Keçidlər