Gəncədə abadlıq işləri davam edir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq abadlıq işləri və iməcilik aksiyaları keçirilir. Görülən işlərə MKTİB-nin texnikası və canlı qüvvəsi cəlb olunur.
Aksiya çərçivəsində Gəncəçayın məcrası və körpülərin ətraf ərazilərində, o cümlədən Çingiz Mustafayev, İlham Müzəffər oğlu Əliyev, Xəmsə, Validə Tutayuk, İbrahim Talıblı, Çingiz İldırım, Rəmziyyə Veysəlova və Ələddin Quliyev küçələrində təmizlik işləri aparılıb. Belə ki, ərazilər məişət tullantılarından, alaq otlarından, xəzəldən, eləcə də daş, qum və toz-torpaqdan təmizlənib. Tullantıların ərazidən daşınması təmin edilib.
Bununla yanaşı, Ş.İ.Xətai prospektində qurumuş ağaclar və onların iri kökləri çıxarılaraq 30 ədəd 4 metr hündürlükdə sərv ağacının tingləri əkilib, ağacların ətrafına yeni qazonlar salınıb. Prospekt boyu mövcud və yeni əkilən yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Əlavə olaraq, Gəncə şəhəri Heydər Əliyev adına meydanda yerləşən və ən çox ziyarətçiləri ilə seçilən Miniatür Kitab Muzeyinin fasad hissəsi təmir olunur. Muzeyin binasının fasad boyaları yenisi ilə əvəz edilir, təmirə ehtiyac olan hissələr aradan qaldırılır.
Qeyd edək ki, görülən işlər Gəncə şəhərinin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir.