Gəncədə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həftə ərzində görülən işlərin icmalı
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təmizlik, təmir-bərpa və abadlıq işləri görülür. Belə ki, şəhərin bir sıra küçə və prospektlərində kompleks təmizlik işləri həyata keçirilib. Təmizlik aksiyası zamanı palçıq, xəzəl və ağac qırıntıları bir yerə yığılaraq ərazidən daşınması təmin edilib. Bundan başqa aksiya çərçivəsində, məişət tullantıları üçün konteynerlərin ətrafında da səliqə-səhman yaradılıb.
Əlavə olaraq, güclü külək nəticəsində dam örtükləri yararsız hala düşən çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində də təmir-bərpa işləri həyata keçirilib. Şəhərin 20 Yanvar küçəsi, 7-ci dalan, ev 3 ünvandakı ümumi məhəllədə yerləşən dörd evin dam örtüyü sökülərək yenidən yığılıb. Həmçinin, Tağı Arani küçəsi, döngə 1, ev 1, Şah İsmayıl Xətai prospekti, bina 101, Nizami Gəncəvi prospekti, bina 10, Həsən Əliyev küçəsi, bina 84, Heydər Əliyev prospekti, bina 90 saylı ünvanlarda da yaşayış binalarının dam örtüyündə və novdan sistemindəki nasazlıqlar aradan qaldırılıb.
Görülən işlər çərçivəsində Gəncəçayın məcrası boyu və çayın üzərində mövcud olan körpülərin ətrafında da təmizlik aksiyası keçirilib. Çay sel sularının gətirdiyi ağac qırıntıları və alaq otlarından təmizlənib. Sağ və sol sahilində mövcud zibil qutuları boşaldılıb, ətrafında səliqə-səhman yaradılıb.
Qeyd edək ki, bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.