Gəncədəki mövcud yaşıllıqlara daimi qulluq göstərilir
Ölkə prezidentinin müvafiq göstərişinə uyğun olaraq Respublikamızda sağlam ekoloji mühitin qorunması istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin tabeli qurumları tərəfindən şəhər ərazisində mövcud və yeni əkilən ağaclara, aqrtotexniki qulluq göstərilir, suvarılması təmin edilir.
Bundan başqa çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir.
COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində Gəncə şəhərinin müxtəlif ərazilərində əkilən 10 200 ağacın suvarılması da xüsusi diqqətdə saxlanılır. Əkilən ağacların suvarılması məqsədilə MKTİB tərəfindən su çalaları qazılıb və vaxtaşırı şumlama işləri aparılır.
Qeyd edək ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhər ərazisində həyata keçirilən yaşıllaşdırma aksiyalarının məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə, həmçinin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyır.