Gəncənin Şəhidlər xiyabanında genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin bütün ərazilərində abadlıq, təmir-bərpa və təmizlik işləri həyata keçirilir. Bu dəfə 27 Sentyabr – Anım Gününün yaxınlaşması ilə əlaqədar olaraq, şəhərin Şəhidlər xiyabanında genişmiqyaslı iməcilik işləri görülüb. Belə ki, qurumun canlı qüvvə və texnikalarının cəlb olunduğu aksiyada ərazinin gecə işıqlandırılması üçün nəzərdə tutulan plafonlarda nasazlıqlar aradan qaldırılıb, lampalar yenilənib. Həmçinin, Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin adlarının həkk olunduğu lövhənin önünə və ərazidəki güldanlara yeni mövsümü güllər əkilib. Bununla yanaşı, xiyabandakı güldanlar, işıq dirəkləri və oturacaqlar boyanıb. Təmizlik işləri çərçivəsində ərazidəki məişət tullantıları yığılıb, alaq otları biçilib, mövcud zibil qutularının ətrafında səliqə-səhman yaradılıb.
Qeyd edək ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin uyuduğu məkanda sözügedən işlər mütəmadi olaraq həyata keçirilir.