"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Gəncədə növbəti ağacəkmə və iməcilik aksiyaları baş tutub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təmir-bərpa, təmizlik və digər işlər davam edir. Bununla yanaşı, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində də bir sıra aksiyalar həyata keçirilir.
Belə aksiyalardan biri də Gəncənin yaşıllıq zolaqlarının artırılması və ağacların əkilməsidir. MKTİB-nin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində becərilən müxtəlif cins ağac tingləri Bakı-Qazax avtomaqistralının Gəncə şəhər ərazisindən keçən hissəsinin sağ və sol tərəflərinə, "İmamzadə" ziyarətgah kompleksi yolunda, "MİDA" yaşayış kompleksinin qarşısında və digər ərazilərdə əkilib. Əkilən fidanlara aqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.
Bununla yanaşı, Gəncəçayda növbəti iməcilik aksiyası keçirilib. Çayın məcrası və körpülərin ətrafı şəhər sakinləri tərəfindən atılan, həmçinin sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otlarından təmizlənib. Tullantılar bir yerə yığılaraq ərazidən daşınması təmin edilib. Çayqırağı ərazilərdə mövcud zibil qutularının ətrafında səliqə-səhman yaradılıb.
Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Gəncə şəhərində mütəmadi olaraq bu cür aksiyalar davamlı şəkildə həyata keçiriləcəkdir.