Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalı qonaqlara xoş anlar yaşatdı

01 oktyabr 2014 | 15:00

Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalı çərçivəsində növbəti tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Mərkəzlə tanışlıqdan sonra Fransanın Yuxarı Alzas Müluz Universiteti ilə Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya Universitetləri arasında əməkdaşlıq barədə müqavilə imzalanması mərasimi keçirildi. Fransanın Yuxarı Alzas Müluz Universitetinin rektoru, xanım Kristin Qanqlof və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, həmçinin Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tərəfindən əməkdaşlıq müqaviləsi imzalandı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Fransanın Burqundiya Regionunun Yon Vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Azərbaycan Texnologiya Universitetinin dosenti Tahir Abbasov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək Fransa ali təhsil müəssisəsi ilə bağlanan müqavilənin əhəmiyyətindən danışdılar və qeyd etdilər ki, iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsində belə müqavilələrin əhəmiyyəti böyükdür. Həm qədimliyi, həm də müasirliyi ilə seçilən Gəncədə keçirilən Beynəlxalq şərab festivalları Fransa ilə Azərbaycan regionları arasında münasibətlərin yeni mərhələyə keçməsinin bir nümunəsidir.
III Beynəlxalq Şərab Festivalı çərçivəsində möhtəşəm tədbir Cavad xan küçəsində davam etdirildi. Başdan-başa bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş küçədə Fransadan, Almaniyadan, İtaliyadan, Rusiyadan, Moldovadan, Gürcüstandan və digər ölkələrdən gəlmiş qonaqlar milli adət-ənənəyə uyğun şəkildə şərbətlə qarşılandılar. Şəhərin uşaq tərbiyə müəssisələrinin kollektivləri, incəsənət ustaları öz məharətləri ilə festivala xoş ahəng qatdılar.” Cücələrim” uşaq rəqs qrupu, nağaraçalanlar ansamblı, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri maraqlı çıxışları ilə qonaqları salamladılar. Şəhərin ali və orta ixtisas məktəblərinin kollektivləri milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kompozisiyalar təqdim etdilər. Milli geyimli oğlan və qızların təqdim etdikləri rəqslər qonaqlarda xoş ovqat yaratdı.
Festival çərçivəsində ən yaxşı şərab nümunələrinin qiymətləndirilməsi də maraqla qarşılandı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, Fransanın Prinston Universitetinin Yaxın Şərq araşdırmaları departamentinin professoru, nizamişünas alim Maykl Barri və başqaları çıxış edərək Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalının əhəmiyyətindən danışdılar.
Tədbirdə dünən keçirilən “Salxım” Dequstasiya müsabiqəsinin nəticələri elan olundu və  qaliblər mükafatlandırıldı.
Qəbələnin “ASPİ – AqroSavalan” müəssisəsinin istehsal etdiyi şərablar  ən yüksək mükafata – “Qran Pri“ mükafatına layiq görülüb.
“Gəncə Şərab – 2” ASC-nin “Sevgilim” şərabı qızıl medala, “Kaberne sovinyon” şərabı gümüş medala layiq görülüb. Qaliblər arasında Ağsu rayonunun “Az-qranata” MMC-nin,  İsmayıllı rayonu Şərab zavodunun, Qəbələ rayonunun “Aqroinvest” müəssisəsinin, Abşeronun “Firiland” müəssisəsinin, Şəmkir rayonundakı “Şərq ulduzu” ASC-nin , Göygöl Şərab zavodunun, Cəlilabad rayon Şərab zavodlarının müxtəlif adlı şərabları da vardır.
Festival iştirakçıları respublikamızın müxtəlif bölgələrinin, eləcə də xarici ölkələrin şərab istehsalçılarının açdıqları pavilyonlarda təqdim etdikləri şərab növlərindən və milli xörəklərdən daddılar. Beləcə, Gəncənin daha bir Beynəlxalq tədbirə ev sahibliyi unudulmaz anlarla xatirəyə çevrildi.

Keçidlər