Gəncənin Heydər Əliyev adına baş meydanında Miniatür Kitab Muzeyinin Gəncə filialının açılışı olub
Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti katibliyinin rəisi Dilarə Seyidzadə, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova və kitabsevərlər iştirak ediblər. Açılış mərasimindən öncə ulu öndər, əbədiyaşar lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Mərasim iştirakçıları tərəfindən dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülərək hörmət və ehtiram ifadə olunub.
Rəmzi qırmızı lent kəsildikdən sonra müzeylə yaxından tanışlıq olub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş sözü ilə çıxış edərək qonaqları Nizami yurdunda salamlamaqdan məmnun olduğunu bildirib. Elmar Vəliyev vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün ölkə prezidenti tərəfindən uğurla davam edirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin hər yerində olduğu kimi, qədim tarixə malik Gəncə şəhəridə də mədəniyyət sahəsi də qayğı ilə əhatə olunub. Yeni muzeylər yaradılır, kitabxanalar yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Miniatür Kitab Muzeyinin Gəncə filialında toplanan kitabların tədqiqatçılar və oxucular üçün faydalı olacağını vurğulayıb. İcra başçısı bildirib ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb və populyarlıq qazanıb. Bu nəşrlər təkcə məlumat və bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir.
Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova çıxışında xatırladıb ki, Bakının tarixi hissəsində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzey 2002-ci il aprel ayının 23-dən fəaliyyətə başlayıb. Bu muzey onun şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. Muzeyin kitab fonduna 7500 miniatür kitab daxildir. Bu gün muzeydə 38 vitrində dünyanın 72 ölkəsində çap olunan, olduqca rəngarəng 5 min 500 mini kitab nümayiş olunur.
Miniatür kitab muzeyinin ekspozisiyasında ölçüləri 100 x 100 mm, 75 x 75 mm olan mini kitablarla yanaşı, Yaponiyada nəşr olunan 0,75 x 0,75 mm və 2 x 2 mm ölçülü və Almaniyada nəşr olunan 2,0 x 2,9 mm və 3,5 x 3,5 mm ölçülü kitablar da vardır. Muzey kolleksiyasının bir hissəsi 2.913 unikal miniatür kitab 20 yanvar 2015-ci ildə “Ginnesin rekordlar kitabı”na daxil edilmişdir. 18 dekabr 2014-cü ildə Miniatür kitab muzeyinin Naxçıvan şəhərində filialı açılıb. Bu gün isə yəni 21 may 2016-cı ildə Gəncə şəhərində Heydər Əliyev adına meydanda Miniatür Kitab Muzeyinin Gəncə filialı açıldı.
Zərifə Salahova mərasim iştirakçılarının diqqətin çatdırıb ki, Miniatür Kitab Muzeyinin Gəncə filialında ümumilikdə 15 vitrində 29 ölkədə nəşr olunan müxtəlif mövzularla bağlı yüksək poliqrafiya səviyyəsində çap edilmiş 1018 nüsxə mini kitab nümayiş olunur. Muzey ekspozisiyaları ilə tanışlıq Azərbaycanda nəşr edilən kitablarla başlayır. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Vətənə, dövlətə sədaqət andı” adlı miniatür kitab, Ulu Öndərin tarixi xidmətlərini, müstəqil Azərbaycan Respublikasının mühüm tarixi hadisələrini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini, Azərbaycanın klassik ədəbiyyatı, elm və incəsənətini işıqlandıran miniatür kitablar yer alıb.
Miniatür Kitab Muzeyinin Gəncə filialında təkcə Azərbaycanın deyil, həm də digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatının nadir incilərini əks etdirən mini kitablar və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Burada miniatür dini kitablar, o cümlədən, ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.
Ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” – sözləri əks olunmuş guşədə Azərbaycan və xarici dövlətlər, beynəlxalq qurumlar tərəfindən Zərifə xanım Salahovaya təqdim olunan mükafat və təltiflər sərgilənir. Burada həmçinin Miniatür kitab muzeyinin və onun yaradıcısı Zərifə Salahovanın səmərəli fəaliyyətini əks etdirən rəngli fotoşəkillər də yer alıb.
“Azərbaycanda miniatür kitab nəşri, belə kitabların toplanılması Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın adı ilə bağlıdır”, - deyən Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevin Zərifə Salahovanın miniatür kitab işi sahəsindəki fəaliyyətinə yüksək qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dilarə Seyidzadə çıxışının sonunda Gəncə mədəniyyətinin inkişafına göstərdiyi böyük qayğıya görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə dərin minnətdarlığını bildirib.
Daha sonra Mərkəzi Kitabxana Sisteminin yeni binaya köçürülən uşaq şöbəsi ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, burada 8 min 124 nüsxə ədəbiyyat saxlanılır. Ədəbiyyatlardan 1016-sı rus dilində, qalanı isə Azərbaycan dilində latın qrafikası ilə çap edilmiş kitablardır. Kitablar müxtəlif elm sahələrini əhatə edir. Şöbədə yerli və əcnəbi yazarları kitabları, dünya ədəbiyyatı və məktəblərində keçirilən dərslərə aid bədii ədəbiyyatlar toplanıb. Bundan başqa şöbədə uşaqlara aid dövrü mətbuat nümunələri də saxlanılır.