Gəncənin Hacıkənd qəsəbəsində yeni kitabxana binası istifadəyə verilib
Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialı artıq yeni binada fəaliyyət göstərəcək.
Məlumdur ki, Hacıkənd qəsəbəsinin əvvəki şöhrətini özünə qaytarmaq üçün bir neçə ildir ərazidə geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Hacıkənd qəsəbəsində XIX-cu əsrə aid yerli əhəmiyyətli 4 tarixi abidə var. Bunlar Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və Rus Pravoslav kilsəsidir. İstifadəsiz qalan bu binalarda təmir işləri həyata keçirilir. Rus Pravoslav kilsəsinin bərpası isə artıq yekunlaşıb. 1893-cü ildə inşa edilmiş və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət etmiş kilsə binası, bundan sonra kitabxana kimi fəaliyyət göstərəcək.
Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bildirib ki, 1956-cı ildən fəaliyyət göstərən 17 saylı filialın 14 368 kitab fondu var. Oxucular burada Azərbaycan dilində olan nəşrlərlə yanaşı, xarici yazarların əsərlərini də tapa bilərlər. Kitabxananın fondundan qəsəbə sakinləri ilə yanaşı, bura gələn yerli və xarici turistlər də faydalanır ki, bu da yay aylarında oxucu sayının artımasına səbəb olur.
Mərkəzi Kitabxana Sisteminin 17 saylı filial binasının açılışında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq işləri davam etdiriləcək. Burada olan Qubernator dəftərxanası, Qubernator və Forer qardaşlarının evlərinin də təmiri yaxın vaxtlarda yekunlaşacaq. Ərazidə "Nizami Gəncəvinin sələfləri və xələfləri" parkı salınıb, inşa olunan otel kompleksində son tamamlama işləri gedir.
Hacıkənd qəsəbə sakinlərinin müraciətlərini dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, otelin insifadəyə verilməsi qəsəbənin turizm imkanlarını artırmaqla yanaşı yeni iş yerlərinin açılmasına da xidmət edəcək.
Hacıkənddə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirən sakinlər bir sıra təkliflərlə də çıxış ediblər. Dəyərləndirilən müraciətlər əsasında Gəncə-Hacıkənd marşrut xəttinin açılması, qəsəbədə olan tibb məntəqəsinin təmiri, ərazidə yeni ATM-lərin quraşdırılması istiqamətində lazımi qurum və təşkilatlara müvafiq göstərişlər verilib.
Qeyd edək ki, Hacıkənd qəsəbəsi Gəncədən 23 km cənubda, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Sahəsi 109 hektardır. Hələ qədim zamanlardan Gəncə və ətraf ərazilərin sakinləri yay aylarında buralara köç edər, bütün yayı burda keçirər, dincələrmiş. Gəncənin demək olar ki, əksər adlı-sanlı, sayılıb-seçilən ailələrinin bu qəsəbədə geniş torpaq sahələri və böyük mülkləri olub. Günümüzdə də qəsəbə Gəncə və ətraf rayon sakinlərinin əvəzolunmaz istirahət məkanıdır.
Tədbirin videosunu aşağıdakı linkdən baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=EaLe5gBXB7A&feature=youtu.be