Gəncə Avtomobil Zavodunda ilk elektobus və taxılyığan kombayn konveyerdən çıxıb
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E - 321” markalı elektrobus və “PALESSE KZS - 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.
Mərasimdə Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko, Sənaye nazirinin müavini Dmitri Aleksandroviç Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, Millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.
Tədbiri açan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, GAZ IB Azərbaycanda ilk dəfə olaraq elektrobusların yığımını reallaşdırıb. “Bu gün biz müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə veririk. Bu elektrobuslar artıq Minskin küçələrində əhaliyə yüksək səviyyədə xidmət edir. Gələcəkdə elektrobusların 30-40% ehtiyat hissələrinin Gəncədə istehsal olunması nəzərdə tutulur. Ümidvarıq ki, bizim elektrobusların Azərbaycanın küçələrində ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcək”, - deyə Xanlar Fətiyev əlavə edib.
Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Azərbaycan və Belarus arasında mövcud olan əlaqələrdən söz açıb. O bildirib ki, ölkələr arasında həm mədəni, həm siyasi və həm də iqtisadi əməkdaşlıq mövcuddur. Bu əlaqələrin qurulması və genişlənməsində Gəncənin xüsusi payı var. Belə ki, Gəncə Avtomobil Zavodu İB Belarusun “Belkommunaş” ASC ilə sıx əməkdaşlıq edir. “Biz GAZ İB-də yığılan texnikalarla tanış olduq. Həm traktorların, həm kombaynların, həm də müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm”, - deyə Niyazi Bayramov sözlərinə əlavə edib.
Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar və “PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.
Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.
“PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki 114 / 155 at gücündədir. Texnikanın taxılbiçəni 4-5 metr arasındadır. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa Gəncə Avtomobil Zavodu İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.
Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub.
Sonra qonaqlar taxılyığan kombaynın və “E-321” markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin qonaqlar “E-321” markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.