Gəncədə 27 Sentyabr – Anım Gününə hazırlıq işləri görülür
27 Sentyabr – Anım Günü ilə bağlı Gəncə şəhərinin mərkəzi hissəsində olan binaların üzərlərinə Azərbaycan və Türkiyə Respublikalarının bayraqları asılıb.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən Şəhidlər xiyabanının ərazisində genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib, əraziyə yeni mövsümü güllər əkilib. Şəhidlər xiyabanının işıqlandırılması üçün nəzərdə tutulan plafonlardakı nasazlıqlar aradan qaldırılıb, güldanlar, işıq dirəkləri və oturacaqlar boyanıb. Eyni zamanda, burada olan Əbədi Məşəl Abidəsinin önündə güllərdən hazırlanan kompozisiyanın quraşdırılması nəzərdə tutulub.
Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilən Memorial Abidə Kompleksində də bərpa, ətrafında isə təmizlik işləri görülüb, ərazidə olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazidəki lövləhələrin ətrafında da təmizlik işləri görülüb.
Bununla yanaşı, 27 Sentyabr – Anım Günü ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiqlənən “Tədbirlə Planı”na uyğun olaraq Aparatın məsul əməkdaşları, habelə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən şəhid ailələri ziyarət olunur.
27 Sentyabr – Anım Günü ərəfəsində Gəncədə fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri tərəfindən Şəhidlər xiyabanı da ziyarət olunur.
Məlumat üçün bildirək ki, 27 Sentyabr – Anım Günü ilə bağlı ümumşəhər tədbiri sabah saat 11:30-da Şəhidlər xiyabanında başlayacaq. Tədbirin davamında iştirakçılar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edəcəklər. Sonda Heydər Əliyev Park-Xiyaban Komplesinin ərazisində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası təşkil olunacaq.