Niyazi Bayramov İspaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İspaniya Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Kristina Latorre Sanço ilə görüş keçirib.
Görüş zamanı Niyazi Bayramov rəsmi qonağa Gəncə şəhərinin tarixi, mədəni, sənaye və iqtisadi potensialı barədə ətraflı məlumat verib. Şəhər rəhbəri bildirib ki, Gəncədə 3 universitet, 3 kollec və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. O, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2”, avtomobil utilizasiyası sahəsində ixtisaslaşmış “SemSan” və xalça istehsalı ilə məşğul olan “Parıltı Halı” şirkətləri haqqında da məlumat verib.
Bununla yanaşı bildirilib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı və 2019-cu ildə Avropanın İdman Şəhəri seçilib. Bu il isə şəhər III MDB Oyunları çərçivəsində keçiriləcək bir sıra yarışlara ev sahibliyi edəcək. Bütün bu tədbirlər Gəncənin beynəlxalq arenada tanınmasına və təbliğinə müsbət təsir göstərib. Şəhərdə mədəniyyət ocaqlarının da geniş fəaliyyət göstərdiyi qonağın diqqətinə çatdırılıb.
Görüşdə həmçinin vurğulanıb ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də xalqların birgə yaşamaq ənənəsinin təzahürüdür. Qeyd olunub ki, 89 il əvvəl ispan gənclərin Gəncədəki hərbi təyyarəçilik məktəbində təhsil alması iki xalq arasında sarsılmaz dostluq münasibətlərinin əsasını qoyub. Hazırda Gəncə şəhərində yerləşən “Fəxri Xiyaban”da ispan pilotlarının məzarı var. Eyni zamanda, şəhərin 30 saylı tam orta məktəbində həmin ispan pilotlarının xatirəsinə həsr olunmuş muzey fəaliyyət göstərir.
Xanım Kristina Latorre Sanço səmimi qəbula görə Niyazi Bayramova təşəkkür edib və Gəncə şəhərindəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. O, səfər çərçivəsində ispan pilotlarının məzarlarını və 30 saylı məktəbdəki xatirə muzeyini ziyarət edəcəyini bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.






