Niyazi Bayramov Tomas Ştəli ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüş keçirib.
Görüş zamanı Niyazi Bayramov rəsmi qonağa Gəncə şəhərinin tarixi, mədəni, sənaye və iqtisadi potensialı barədə ətraflı məlumat verib. Şəhər rəhbəri bildirib ki, Gəncədə 3 universitet, 3 kollec və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. O, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab - 2”, avtomobil utilizasiyası sahəsində ixtisaslaşmış “SemSan” və xalça istehsalı ilə məşğul olan “Parıltı Halı” şirkətləri haqqında da məlumat verib. Bununla yanaşı bildirilib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı və 2019-cu ildə Avropanın İdman Şəhəri seçilib. 2025-ci ildə isə şəhər III MDB Oyunları çərçivəsində keçirilən bir sıra yarışlara ev sahibliyi edib. Bütün bu tədbirlər Gəncənin beynəlxalq arenada tanınmasına və təbliğinə müsbət təsir göstərib. Şəhərdə mədəniyyət ocaqlarının da geniş fəaliyyət göstərdiyi qonağın diqqətinə çatdırılıb.
Tomas Ştəli səmimi qəbula görə Niyazi Bayramova təşəkkür edib və Gəncə şəhərindəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. O, səfər çərçivəsində “Azəralüminium” MMC-yə ziyarət edəcəyini də bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib, hədiyyələr təqdim edilib.






