Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Qarabağ

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.

2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətini etdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

2020-ci il oktyabrın 9-dakı xalqa üçüncü müraciətində Azərbaycan Prezidenti status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi.

2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı.

2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-i xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək. Tezlikdə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Hazırda işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır, böyük qayıdışa hazırlaşır.

Keçidlər